//…“xahiş eləyirəm mənə de ki, hər şeyi yaxşı elədim”

…“xahiş eləyirəm mənə de ki, hər şeyi yaxşı elədim”

Kim Cong-hyonun əziz xatirəsinə…
1990-cı il aprel ayının 8-də Seulda, Kim ailəsində yeni bir üzv dünyaya gəlir. Valideynləri yeni dünyaya gəlmiş oğullarına 김종현 –Kim Cong-hyon adını verirlər. İllər sonra isə bu ad bütün dünyanın rəğbət bəslədiyi Conghyon olaraq tarixə qarışır. Lakin bu adın tarixə qovuşduğu müddətə qədər keçdiyi yol, onun tarixə qarışmasından sonra da başqaları üçün uğur simvolu olaraq qalır. Bu yazıda Conghyonun uğurlu yolunu sizə çatdırmağa və onun ruhunun hələ də hardasa kiçik bir ölkədə sayısız sevənləri tərəfindən anıldığını hiss etməsinə çalışacağıq.
Çox istəyərdim ki, sizə Conghyonun uşaqlığı haqqında geniş, ətraflı, bir o qədər də xoş məlumatlar verim. Lakin digər bir çox idollardan fərqli olaraq Conghyon uşaqlığı haqqında ən az -hətta deyərdim ki, heç məlumat əldə edilməyən bir məşhur olub. Ona dəfələrlə uşaqlığı haqqında sual verilsə də o “Uşaqlıq xatirələrim haqqında danışmayın. Onları çoxdan unutmuşam”-deyə cavab verib. Peşə dostlarının uşaqlıq şəkilləri hər zaman internet saytlarında, jurnallarda çap edilsə də Conghyonun bu cür şəkillərindən yalnız biri var. Ona uşaqlıq şəkilləri haqqında sual verən aparıcı bu cavabı almışdı : “Uşaqlıq şəkillərimin hamısını zibilliyə atmışam”. Lakin bir müddət sonra onun uşaqlıqda anası və bacısı ilə olan şəkli üzə çıxdı. Conghyon bu haqqda verilişlərin birində qeyd edirdi : “Anam o şəkili məndən gizlədib. Çünki tapsaydım, onu da atacağımı bilirdi.”
Conghyonun azarkeşləri hər zaman onun “yaxşı ata” olacağını deyirdilər. Konsertlərdə, azarkeşləri ilə olan görüşlərdə Conghyon hər zaman uşaqlara qarşı xüsusi sevgi və diqqətlə yanaşırdı. Lakin Shawollar yanılmışdılar. Conghyon yaxşı ata ola bilmədi. O, ata ola bilmədi.
Onun öz atası haqqında olan məlumatlar isə yox deyiləcək qədər azdır. Hər zaman anası, bacısı haqqında danışıb, onlarla şəkillər paylaşsa da atası ilə bağlı heç bir məlumat vermirdi. 2015-ci ildə verdiyi müsahibələrin birində anasına müraciət edərək dediyi xoş sözlərdən sonra özünü saxlaya bilməyib göz yaşlarına boğulan Conghyon bundan sonra daha çox ailəsi ilə bağlı suallara məruz qalır. Xəbər aparıcıları onun uşaqlığı haqqında daha ətraflı məlumat yığmaq üçün bir çox üsullara əl atırlar. Nəhayət Conghyonun atası haqqında şayələr yayılmağa başlayır. Şayələrə əsasən Conghyon özünü musiqi sahəsinə həsr etməzdən öncə atası tərəfindən hər zaman “uğurlu olmaq üçün yetəri qədər bacarıqlı deyilsən” və sairə bu kimi sözlər eşidir. Bu onun özünə olan bütün inam və güvənini yerlə bir edir və o atası ilə heç cür yola getmir. Həmçinin onun atasının bacısı və onun üçün məsuliyyət götürmədiyi və anasının min bir əziyyətlə onları böyütməyə çalışmasının da Conghyonda atasına qarşı mənfi münasibətin formalaşmasına gətirib çıxartdığı deyilir. Araşdırmalar sayəsində Conghyonun atası ilə olan çox nadir bir fotosu da üzə çıxır.
Lakin bütün bu ağrılı günlər Conghyonu öz sevdiyi sahəyə – musiqiyə atılmaqdan çəkindirmir. Və o 10-cu sinifdə olarkən məktəbini ataraq özünü musiqiyə həsr etməyə başlayır. S.M Entertainment yeni k-pop oğlan qrupu yaratmaq üçün Conghyonun mükəmməl musiqi yazma bacarığını, rəqsini, səsini görərək onu k-pop dünyasına gətirir. Və o gündən etibarən Conghyon SHİNee qrupu ilə birgə tarix yazmağa başlayır.
2009-cu ildə qrupun 4-cü single musiqisi olan “Juliette”-in sözlərini yazdıqdan sonra, həqiqətən də mahnının ciddi rəğbət görməsi onu digər mahnıları yazmağa həvəsləndirir. 2010-cu ildə 20-yə yaxın Koreyalı idolun da qoşulduğu “Let’s Go” mahnısının ifasından sonra k-pop sevərlər bu qrupla daha da yaxından maraqlanmağa başlayırlar. Və 2010-cu ilin sonunda qrupun ilk debüt mini albomu işıq üzü görür. 2011-ci ildə Conghyon “KBS’ Immortal Songs 2” televiziya yarışına qatılır. İlk hissənin qalibi olan Conghyon öz istəyi ilə yarışdan ayrılır və çox məşğul olduğuna görə müsabiqədə iştirak edə bilməyəcəyini deyir. Köhnə koreya mahnılarının yeni stildə təqdim edilməsi məqsədiylə hazırlanan bu proqramda sona qədər gedib qalib olmasa da, hazırladığı çıxışı ilə qalib kimi yadda qalan elə Conghyon olur. 2014-cü ilə qədər özlərinin koreyada tanınma ərəfəsini yaşayan qrup 2015-2016-cı ildə ən məşhur illərini yaşayırlar. Bu illər ərzində Conghyon yazdığı sözləri ilə qrupunun ən yaddaqalan, sevilən mahnılarının işıq üzü görməsində ciddi rol oynayır.
Uzun müddət həm də radioda aparıcı vəzifəsini icra edən Conghyon, şirkətinin təklifi ilə, eyni zamanda Yaponiya və Amerika turları olduğu üçün radiodakı işindən ayrılır. Və bir daha geridönüş etmir.
2017-ci il dekabrın 9-10-unda Conghyon Cənubi Koreya Həndbol Gimnastik Arenasında “Inspired” adlı konsertini həyata keçirdir. Eyni zamanda onun öz yeni albomu üstündə işlədiyi də bildirilirdi. “Poet Artist” adlanan albomu 2018-ci il 23 yanvarda işıq üzü gördü. Albomdan əldə edilmiş bütün gəlirlər anasına təhvil edildi. Conghyon isə bu dəfə öz albomunu dinləyə bilmədi.
Conghyonun şəxsi həyatında baş vermiş vacib hadisələrdən biri kimi 2013-cü ildə keçirtdiyi ağır yol qəzası olmuşdur. Burnunu ağır şəkildə yaralayan idol albomları üçün olan hazırlıqların yalnız son həftəsinə qatılmasına baxmayaraq uğurlu şəkildə üstünə düşən işi görə bilir. Qəzanın baş verdiyi ərəfədə bir çox mənbələr Conghyonun qəzadan sağ çıxmadığını deyirdi. Lakin S.M Entertainment bütün bu xəbərləri yalanlayır və hər şeyin yolunda olduğunu bildirir. 2017-ci ilin sonlarına yaxın da hər kəs S.M Entertainmentdən eyni açıqlamanı gözləyirdi. Lakin bu dəfə baş verənlər şayə deyildi.
Conghyonun şəxsi həyatı ilə bağlı tez-tez dilə gətirilən məsələlərdən biri də LGBT üzvlərinə qarşı ayrıseçkiliyə qarşı olması idi. Azarkeşlərindən birinin məhz bu səbəbdən ayrıseçkiliyə məruz qaldığını öyrənən Conghyon onun twitter hesabına “güclü ol və özün ol” kimi mesaj yazmışdır. Bundan sonra o cəmiyyətdən kütləvi halda müsbət və mənfi rəylər almağa başlamış, lakin heç birinə cavab verməmişdir.
2017-ci il dekabr ayının 18-də, Seulda Kim ailəsinin üzvlərindən biri həyatına son verir. Kim Cong-hyon Gangnamda kirayələdiyi evində ölü tapılır. Conghyon son dəfə yaşadığı binanın yanındakı mağazada görünür. Son mesajlarını isə KakaoTalk vasitəsilə bacısına göndərir. Bacısı polisə zəng vuraraq onun özünə zərər yetirə biləcəyini deyir. Çünki Congyonun yazdığı mesajlar heç də qorxulmayacaq mesajlar deyildi. Xəstəxanada qoyulan diaqnoza əsasən Conghyon karbon dioksid zəhərlənməsindən ölmüşdü. Polislər evdə tavada kömür yandırıldığını, buna görə də ağır karbon yarandığını üzə çıxartdılar. Onlar Conghyonun ailəsinə xüsusi araşdırma təklif etsələr də, ailəsi bunun intihar olması həqiqətini qəbul edir və buna ehtiyac olmadığını bildirirlər.
Media Conghyonun depresiya səbəbi ilə intihar etdiyini bildirir. Ölümündən sonra üzə çıxan bir çox xəbərlər də bunu təsdiq edirdi. “Dear Cloud” qrupunun üzvü Nine, ailəsinin də icazəsi ilə Conghyonun dekabrın 9-da verdiyi konsertdən iki-üç gün əvvəl ona yazdığı mesajı instagram hesabı ilə yayımladı. Mesajda Conghyonun həqiqətən də ağır vaxtlar keçirdiyini anlamaq olardı. Mesajın əsas hissəsini “Kiminsə məni fərq etməsini istəyirdim. Amma heç kim eləmədi. Məşhur olmaq mənə görə deyil. Buna görə mənə deyirlər ki, acı çəkirəm. Çünki məşhuram, hamı məni tanıyır. Onda niyə bu yolu seçdim? Çox gülməlidir. Bundan başqa nə deyə bilərəm ki?! Xahiş eləyirəm mənə de ki, hər şeyi yaxşı elədim. Çox çalışdım. Getməyim sənin xoşuna gəlməyə bilər. Amma məni günahlandırma. Çox çalışdım. Çox çalışdım. Həqiqətən çox çalışdım. Hələlik.” sözləri təşkil edirdi. Məktubda istifadə edilən “xahiş eləyirəm mənə de ki, hər şeyi yaxşı elədim” ifadəsi twitter və digər sosial şəbəkələrdə (#youdidwellJonghyun) günün əsas həştəqinə çevrilmişdir.
Conghyonun bacısına yazdığı mesajda deyilirdi: “Çox çətin idi. Artıq getməyimə icazə verin. Hamıya mənim çox çətin vaxtlar keçirtdiyimi deyərsən. Bu sonuncu əlvidamdır” O sonuncu əlvidasını da etdikdən sonra, 27 yaşında, həyatındakı ən vacib insanlardan olan Onyu, Minho, Key və Teminin çiyinlərində son mənzilə yola salındı.
Onun dəfnindən sonra bir çox ölkələrdə “Conghyon anım günü” həyata keçirildi. Azərbaycanlı k-pop sevərlər də bu axına qarışaraq 23 dekabrda Xəzər sahilində, Conghyonun adı yazılmış ağ şarları havaya buraxaraq idola qarşı ehtiramlarını göstərmiş, musiqiçinin ən gözəl mahnılarını dinləyərək onu yad etmişlər.
Arzu edirik ki, bundan sonra k-pop sənayesində Conghyonun sırasına qatılacaq bir dənə də olsun idol olmayacaq. “Başqalarını da itirmək istəmirik”
Ruhun şad olsun, 김종현…

Gülər Nursu

Gülər Nursu 굴레르 누루스
(dondurulmuş hesab)
"Hansamo" jurnalında yazar və redaktor.
"hansamo.az" saytında yazar.

Əlaqə:
guler.nursu@hansamo.az
999guler@gmail.com
FB/IG/youtube@gulernursu / Guler Nursu
Gülər Nursu

Latest posts by Gülər Nursu (see all)