//Sovet rokunun koreyalı əfsanəsi

Sovet rokunun koreyalı əfsanəsi

80-ci illərdəki “yeraltı” qruplaşmaları ilə başlayan Sovet rok musiqisi, etnik koreyalı sənətçi Viktor Tsoyun rəhbərliyi altında KİNO qrupu ilə, ən unikal ritmləri sözlərlə birləşdirdi. KİNO və Tsoyun mahnıları etdikləri musiqi inqilabı ilə ölümsüzləşdi.

Bəs, Viktor Tsoy kim idi? Viktor Robertoviç Tsoy (21 iyun 1962, Leninqrad, SSRİ – 15 avqust 1990, Sloka – Talsi yolu) – sovet rok musiqiçisi, Koreya əsilli şair, rəssam, “Kino” rok qrupunun yaradıcısı və rəhbəri idi. Hətta bir neçə filmdə aktyor kimi də çəkilmişdir.

Viktor Tsoy bədən tərbiyəsi müəlliməsi Valentina Vasilyevna Tsoy və koreya mənşəli mühəndis Robert Maksimoviç Tsoyun ailəsində dünyaya gəlmişdir. 1974-1977-ci illərdə incəsənət məktəbinə getmişdir. Bu illərdə Palata №6 adlı qrupda bas-gitarist kimi fəaliyyət gostərmişdir. İncəsənət məktəbindən davamiyyət səbəbinə görə xaric edildikdən sonra texniki-peşə məktəbində “ağac oyma” sənəti üzrə oxumuşdur. Gəncliyində Vladimir Vısotski, Mixail Boyarski və Brus Linin fanatı olmuşdur. Sonralar onun imicində Brus Linin təsiri hiss olunurdu. Uzaq Şərq əlbayaxa döyüş növləri ilə maraqlanır, “netske” adlanan yapon fiqurlarını düzəldirdi.

Viktor Tsoy 80-ci illərin SSRİ-nda gənclik inqilabının səsinə çevrilmiş və öz ciddi fanat kütləsi ilə bütün SSRİ rəhbərlərini narahat etmişdi. O, rus rok musiqisinin yaradıcısı kimi qəbul edilir və hətta bu gün də dünyada, xüsusilə də keçmiş Sovet ölkələrində çox sevənləri var. Ölkəmizdə də kifayət qədər tanınıb sevilən Viktor Tsoyun ölümü, həyatı qədər müəmmalı və suallarla doludur. Tsoy 15 avqust 1990-cı il 12:28 radələrində avtomobil qəzasında həlak olub. Qəza Latviyada Sloka-Talsi yolunun 35-ci kilometrliyində rəsmi versiyaya görə sükan arxasında yatıb və özünə məxsus Moskviç-2141-də İkarus markalı avtobusla toqquşub. O, 19 avqust 1990-cı ildə Boqoslovskoe məzarlığında dəfn edilib. Ölümün səbəbləri haqqında başqa versiyalar da vardır. Belə ki, “Sledstvie veli…” sənədli filmlərini hazırlayanlar təxmin edirlər ki, Tsoy sərt döngəni dönərkən maqnitofonundakı kasetin üzünü dəyişməyə çalışıb ki, bu da fikrinin yayınmasına və nəticədə qəzaya səbəb olub. Həmin dövr dünya medyasında yayılan bir çox xəbərə görə isə,Tsoyun ölümü planlaşdırılmış sui-qəsd idi.

Viktor Tsoy SSRİ vətəndaşı olsa da, əslən koreyalı olduğu üçün, istədim ki, anım günündə az da olsa, onu tanımayanlara ondan bəhs edim. Viktor Tsoyun və KİNO qrupunun mahnıları bu gün də sevilərək dinlənilir və bir çox sənətçi tərəfindən cover edilir.

KİNO

 

Cover

 

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)