//Müdrik çay – İnçhon

Müdrik çay – İnçhon

Müdrik Çay İnçhon, rəsmi adıyla İnçhon Metropol şəhəri Cənubi Koreyanın şimal-qərb hissəsində qalan və Seuldan çox qısa bir məsafədə (40 km və ya 25 mil) yerləşən şəhərdir. Paytaxt Seul və Gyeonggi rayonuna qonşu olub, Seul Milli Paytaxt Regionunun bir hissəsidir. İnçhon ölkənin ən mühüm liman şəhərlərindən və iqtisadi mərkəzlərindən biridir. Şəhər 2000-ci illərdən azad iqtisadi zona elan edilmişdir. Bu səbəbdən də Seuldan müstəqil şəkildə varlığını davam etdirir. Ərazisi 1029.43 km² olan şəhərin əhalisi  3 milyondan çox olub, Seul və Busandan sonra Cənubi Koreyanın üçüncü ən böyük şəhəridir. İnçhon daha əvvəl Gyeonggi rayonunun bir hissəsi ikən, 1981-ci ildə metropol şəhər statusuna yüksəldilmişdir. İnçhon, İnçhon Limanı və İnçhon Beynəlxalq Aeroportuna ev sahibliyi etdiyinə görə, vacib bir nəqliyyat mərkəzidir. Seula yaxın olması səbəbindən İnçhon metrosu Seul metrosu ilə bağlıdır. Beləliklə, Cənubi Koreyanın təmiz suları və dəniz nəqliyyatının yaxşı inkişaf etməsi İnçhonu daha da maraqlı edir.

İnçhonun göz oxşayan yerləri

    Yeonqconq və Qanqhva kimi müxtəlif adalar da şəhərin sərhədləri içindədir. Gedilməsi lazım olan başlıca cazibə mərkəzlərindən bəziləri, Koreyada “ana qara” olaraq ifadə edilən yerdə deyil, sahil kənarında yerləşən adalarda yer alır. Xüsusilə Yeonqconq adası dəniz məhsulları və çimərlikləri üçün rəğbət görür. Qanqhva adası isə arxitekturası və YUNESKO-nun siyahısında olan tarix öncəsi basdırılmış sahə Bugeun-ri Dolmenə görə öz adından tez-tez bəhs etdirir. İnçhonun içi tam bir liman ərazisidir və yemək-içmək, gəzmək üçün gözəl bir ərazidir. Səyyahların, Seul kimi şəhərlərin qarışıqlığından uzaq olan hərəkətli İnçhonu seçməsinin səbəbi, buranın canlı və həyat dolu bir bölgə olmasıdır. Rəngli, canlı və enerji dolu bu şəhəri kəşf etmək inanılmaz dərəcədə zövqlü və asandır. Tarixi və mədəni irslə yanaşı, dəniz restoranlarıyla da məşhur bu şəhəri gəzərkən həm Koreya mədəniyyətini kəşf edəcək, həm də misilsiz təcrübələrə imza atacaqsınız.

Çin Şəhərciyi

    Bu şəhərin digər bir iftixar mənbəyi isə Cənubi Koreyada yerləşən tək Çin məhəlləsidir. Burada müəyyən rəngli dekorasiyaları, Çin xörəklərini, çay ocaqlarını, marketləri və məbədləri tapa bilərsiniz. Hazırda ikinci, ya da üçüncü nəsil Çinliləri saxlayan bu məkan, qədim zamanlarda təkcə Çindən idxal edilən malların satıldığı bir məkan idi. Köhnə mağazaların yerini indi turistlərə xidmət göstərən restoranlar alıb. Çin məhəlləsinin düz yanında isə Cayu (Müstəqillik) Parkı yerləşir. General MacArthur-un heykəli ilə yanaşı, digər maraqlı və qeyri-adi heykəllər parkın görünüşünü tamamlayır.

Bupyeonq

    Hərəkətli küçələri, işlək prospektləri, dayanmaq bilməyən ticarəti ilə şəhərin ən çox ziyarət edilən yerlərindən biri olan Bupyeonq, yeraltı mağazaları, gözəllik vasitələrindən geyimə, elektron əşyalardan keramikaya qədər müxtəlif çeşiddə məhsulla doludur. Bir çox kafe, restoran və bar yerləşən bu məkanı gəzmək üçün ən ideal vaxt axşam saatlarıdır. Lakin unutmayın ki, bura izdihamlı, bir o qədər də səs-küylü prospektdir və burda itmək asandır. Odur ki, yolunuzu itirməməyə diqqət etməlisiniz.

İncəsənət Mərkəzi

    8 Aprel 1994-cü ildə açılan İncəsənət Mərkəzi konfrans otağı, sərgi sahələri, performans otağı və sənət maarifləndirmə otaqları ilə çoxlu təcrübə qazana bilərsiniz. 1332 nəfərlik böyük performans zalında liftli opera səhnəsi var. Tarix qeydlərini, video kliplərini, performans qeydlərini və 10.000-dən çox əsəri saxlayan bu zallarda unudulmaz anlar yaşayacağınıza şübhəniz olmasın. Bundan əlavə olaraq yerləşdiyi bölgədə bir çox dizayn mərkəzi, məşhur mağazalar və restoranlar da yer alır. Xalq xidmətinə açıq bir regiondur.

Sonqdo Mərkəzi Parkı

    Sonqdo Mərkəzi Parkı sanki cənnətdən bir parçadır. Yam-yaşıl ağacları, parkın içində yerləşən gölməçəsi, arxitekturası, orjinallığı, maralları və bir neçə başqa heyvan növü ilə  bu park, istirahətiniz üçün əvəz olunmaz bir məkandır. Dostlarla görüşüb söhbət etməyə, dincəlməyə və piknik etməyə uyğundur. İstirahət zamanı ziyarət edə biləcəyiniz bir məkandır. Parkın içindəki gölməçədə balaca qayıqlara minərək ətrafı seyr etmək sizə ayrıca zövq verə bilər.

Ceondeunqsa Məbədi

    Gözəl bir park içərisində yerləşən Ceondeunqsa məbədi, Buddist məbədi olsa da, dindar olmayan insanların belə marağına səbəb olan ənənəvi arxitekturaya və auraya sahibdir. Həqiqi Koreya ruhunu ehtiva edir. Məbəd müxtəlif rəngli çiçəklərin və ağacların olduğu bağçaya da sahibdir. Koreyanın demək olar ki, hər yerində olduğu kimi, burada da məbədə giriş pulsuzdur.

Heunqryunsa Məbədi

    Heunqryunsa Məbədi şəhərin möhtəşəm mənzərəsinə sahib, balaca amma çox gözəl məkandır. Bura Buddist mədəniyyətinə baxışınızı formalaşdıran səssiz bir nöqtə sayıla bilər. Çıxmağınız lazım olan çoxlu sayıda pilləkan var, amma bu gözəl məbədi görmək üçün bu yolu çıxmağa dəyər.

Sonqvol-donq Nağıl Kəndi

    İnçhondakı bu nağıllar aləminə bənzəyən kənd, həm əylənmək, həm də bir-birindən gözəl divar rəsmləri ilə fotoşəkillər çəkdirmək üçün əvəzsiz bir məkandır. Rəsmlərin bir çoxu beynəlxalq məşhur nağıllardandır. Rəsmlər sadəcə divarlarda deyil, yerdə və bəzi hissələrdə pilləkənlərdədir. Çin məhəlləsinə yaxın olmasıyla da yerləşdiyi ərazi çox əlverişli və rahatdır. Bir dəfə bu nağıllar kəndini ziyarət etsəniz, əminəm ki, Koreyaya edəcəyiniz hər səfərinizdə yenidən bu kəndə gedəcəksiniz.

Görülməsi lazım olan digər yerlərə Daeçeonqdo, Yeonpyeonqdo, Qanqhvado, Yeonqconqdo, Muuido və Deokceokdo adaları, Volmido, Yeonqconqdo (qumarxana), İnçhon Böyük Parkı (Grand Park), İnçhon Körpüsü və s. daxildir.

İnçhona nə zaman getmək daha yaxşıdır?

   Ən isti vaxtlarını iyul və avqust aylarında yaşayan İnçhonu səfər etmək üçün ideal vaxt yay mövsümüdür. Yay aylarında isti olmasına baxmayaraq bol yağış yağan şəhərin ən soyuq və quru zamanı isə yanvar ayıdır. Ən çox yağışın iyulda yağmasıyla yanaşı, bu ay üzmək üçün ən ideal dövrdür. İnçhonu həm də festivalar dövründə ziyarət etmək məqsədəuyğun olar. İnçhonda hər il əsas iki festival keçirilir. Bunlar İnçhon Pentaport Rok Festivalı və Beynəlxalq Sori Festivalıdır (Sentyabr-Oktyabr).

 İnçhonda harada qalmaq olar?

    Ziyarətçilərinə geniş qonaqlama variantları bəxş edən İnçhonda hər büdcəyə uyğun olaraq qalacaq yer tapa bilərsiniz. Aeroporta yaxın bir oteldə qalmaq istəsəniz, 80 manatdan başlayan qiymətlərlə olduqca yaxşı vəziyyətdəki otellərdə yerinizi bron edə bilərsiniz. İnternet vasitəsilə aksiyalı qiymətləri izləməkdə fayda var. Bəzi dəbdəbəli otellərin güzəştli qiymətləri həm könlünüzü, həm büdcənizi xoş edəcəkdir. Okean mənzərəli bu otellərin ulduzlarının olduqca yüksək və məmnuniyyət hallarının da ideal olduğunu unutmayın.

İnçhon daxili nəqliyyatı

    İnçhonda nəqliyyatın böyük bir qismini təşkil edən avtobuslar çox ciddi şəkildə sistemləşdirilmişdir. 1100 von qarşılığında minəcəyiniz avtobuslarla istədiyiniz turistlik yerə gedə bilərsiniz. AREX adı verilən qatarlarla hava limanından şəhərin metro şəbəkəsinə transfer etmək olduqca asan və ucuzdur. 70 manat xərc tələb edən taksilər isə 25 dəqiqəyə sizi şəhərə çatdıra bilər. Sürücülərin əsasən İngilis dili bilməməsi çətinlik yaradacağından, əlinizdə ünvanı yazdığınız bir qeyd olmasına diqqət edin. Beş metro xəttinə malik bu şəhərdə metrodan istifadə edərək də şəhərin bütün mühüm mərkəzlərinə getməyiniz olduqca asandır. İnçhon metropoliteni Cənubi Koreyanın İnçhon şəhərində yerləşən bir metro sistemidir. İnçhon metropoliteni 6 Oktyabr 1999-cü il tarixində açılmışdır. Sistem 58.5 km uzunluqda olub,  56 stansiyaya malikdir.

İnçhon Beynəlxalq Aeroportu

    İnçhon Beynəlxalq Aeroportu, Cənubi Koreyanın paytaxtı Seul və ətrafına xidmət göstərən beynəlxalq hava limanıdır. Hava limanı ölkənin ən böyük hava limanı olub, Seul şəhər mərkəzinin 48 km qərbində, İnçhon şəhəri sərhədləri içərisində yer alır.

İnçhon Beynəlxalq Aeroportu 2001-ci ildə açılmış və keçmiş Gimpo Beynəlxalq Aeroportunun yerini almışdır. Hava limanı dəniz plombu ilə əldə edilmiş adacıq üzərinə inşa edilmişdir. 2014-cü ildə xidmət verdiyi 45.51 milyon sərnişin sayı ilə ölkənin və Şərqi Asiyanın bu sahədə ən işlək hava limanlarından biri olmuşdur.

İnçhon Mətbəxi

    Koreyanın yemək mədəniyyətindən nəsibini alan İnçhon, ərazisindəki bir çox restoran və mağazayla hər cür damaq zövqünə xitab edir. Dəniz məhsullarının geniş yer aldığı Koreya mətbəxində, küçə yeməkləri olan dak qanqceonq (külçə) və kalquksu (sulu əriştə) mütləq dadmanız lazım olan təamlardandır. Bupyeonq və İncəsənət Mərkəzi geniş yemək palitrasına çata biləcəyiniz mərkəzi yerlərdəndir. Əgər Koreya yeməkləri sizin damaq zövqünüzə xitab etməsə, bu bölgələrdə bir çox İtalyan, Fransız menyusu olan restoranlar tapa bilərsiniz.

İnçhonda alış-veriş

    Bupyeonq Yeraltı Ticarət Mərkəzi şəhərin alış-veriş incilərindəndir. Bir çox növ məhsulu ucuz qiymətə tapacağınız bu yer, hədiyyəlik əşya almaq üçün ecazkar bir məkandır.  Əl işi çantalar, jaketlərdən tutmuş texnoloji məhsullarını, telefon qablarını, ayaqqabıları və sadalamadığım bir çox şeyi buradan tapa bilərsiniz. Sorea Balıq Bazarının festival zamanına təsadüf etsəniz, bir daha heyran olacağınız İnçhonun su sahilində bir şəhər olmağın bütün üstünlüklərindən necə istifadə etdiyinin və balıqlarının ləziz dadının şahidi olacaqsınız. Bura həmçinin qida alış-verişi üçün də ideal bir məkandır. Sinpo-donq və yaxınlığındakı Sinpo Market hər cür ehtiyacınızı təmin etmək qabiliyyətinə malikdir, elə buna görə də burada yaşayanlar tərəfindən ən yaxşı alış-veriş məkanı seçilmişdir.

İnçhonda pul vahidi və ən çox istifadə edilən dil

    İnçhonda pul vahidi olaraq Cənubi Koreya Vonu istifadə edilir. Cənubi Koreyanın rəsmi dili olan Koreya dili, İnçhonda da ən çox istifadə edilən dilidir. Koreya dilindən sonra ən çox danışılan ikinci dil, İngilis dilidir.

Sonda isə, ümid edirik ki, hər birimizin xəyalı olan Koreyaya səyahəti yaxın zamanda reallaşdırarıq və bu gözəl şəhəri ziyarət edərik.

Məqalə Hansamo jurnalı üçün Ləman Həşimli tərəfindən hazırlanmış və ilk dəfə jurnalda yayımlanmışdır.

İstifadə zamanı istinad mütləqdir.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)