//Koreyanın milli simvolları

Koreyanın milli simvolları

Hər birimiz Koreyanın bayrağını, gerbini tanıyırıq, himnini eşitdiyimiz anda  hörmətlə ayağa qalxırıq. Bəs Koreyanın milli simvollarının mənasını, onların tarixi kökünü nə qədər yaxşı bilirik? Və ya Koreyanın milli gülünü, gerbini tanıyırıqmı?  Yazımız da cavabı “yox” olanlaradır. Koreyaya bir addım daha da yaxınlaşmaq üçün Koreya xalqını, dövlətini digər bütün ölkələrdən fərqləndirən, istər rəsmi, istərsə də qeyri-rəsmi tədbirlərdə təmsil edən milli simvollar haqqda qısa məlumatlar sizə kömək edəcək!

태극기– Teqıkgi adlanan Koreya bayrağı ağ, qara və mavi rənglərdən ibarətdir. Taoist dini-fəlsəfi görüşündə ağ qaranın, yəni pis və yaxşının balanslaşdırıldığını göstərən məşhur “taici”yə (red: ağ rəng üzərində qara, qara rəng üzərində ağ nöqtə olmaqla biri-birindən sərhəd vasitəsilə ayrılmış ağ qara rəngli simvol) əsaslanan “teqık”ın fərqi mavi və qırmızı rəngdə, eləcə də nöqtəsiz olmasıdır. Sözün sonuna əlavə edilmiş “gi” bayraq mənasını verir. Bu Koreya Taoizminə daha yaxın sayılır və əks enerjilərin biri-birini tamamlaması ideyasını özündə  ehtiva etdirir. Bayrağın ortasında olan teqıkın üst hissəsi qırmızı, aşağı hissəsi isə mavi olmalıdır.  Bayrağın 4 küncündə də triqrammalar yerləşir. (red: məhz bu həndəsi fiqurun seçilməsi Çin mifologiyasında hər bir triqrammanın xüsusi mənası olduğuna görədir)  Triqrammalar “in” və “yan”-lardan təşkil olunublar. “in”-lər qırıq-qırıq olan xəttləri, “yan”-lar isə bütöv xətləri bildirir. Yuxarıda qeyd etdiyimiz iki əks enerji “in-yan”-ın əks və qarşılıqlı əlaqəsində də özünü göstərir. Rəsmi şəkildə bayraqdakı rənglərin mənası verilməsə də, Koreya xalqı ağ rəngi “torpaq” , qara rəngi isə “ayıqlıq, bəkarət” kimi, öz növbəsində triqrammaları “dövlət” və teqık-ı xalq olaraq qəbul edirlər. Yuxarı sol küncdəki triqramma “cənnət”, aşağı sol küncdəki “od” , yuxarı sağ küncdəki “su” və aşağı sağ küncdəki “Yer kürəsi” mənasını verir.

1883-cü ildə ilkin variantı hazırlanan bayrağın hazırkı forması 2011-ci ildə(ölçüləri dəyişdirilərək) qəbul edilmişdir.

대한민국의 국장– Dehan Minquk ye Kukçang  Koreyanın milli gerbidir. Ağ lentin üstündə olan göy rəngin üzərində Koreyanın rəsmi adı “Dehan Minquk” yazılıb. Bu lentin içərisində isə Koreyanın milli gülü olan “Hibiscus syriacus” çiçəyinin(red: ətraflı olaraq aşağıda) 5 qızılı ləçəyi var. Gülün ortasında sülh və harmoniyanı təmsil edən, Koreya bayrağında da olan teqık yer alır.

İlkin versiyası 1963-cü ildə hazırlanmış, hazırkı forması isə 1997-ci ildə rəsmiləşmişdir.

애국가 – Equkqa adlanan və “Vətənpərvər mahnı”, “Vətənə sevgi mahnısı” mənasını verən Koreya milli himni 1948-ci ildə rəsmiləşmişdir. Sözləri 1896-cı ildə ərsəyə gəlmişdir. Müəllifi bilinməyən sözləri ilkin vaxtlarda Şotland bəstəsinə əsasən oxuyurdular. Lakin sonralar 1935-ci ildə Ahn Eak Tai tərəfindən yeni musiqi bəstələnmiş və himn bugünki versiyasına gəlib çıxmışdır.  1965-ci ildə Ahn Eak Tai-nin ölümü ilə müəllif hüquqları ilə bağlı məsələlər yarımçıq qalmışdır. Lakin qəribə formada dövlət sonra da bununla maraqlanmamışdır. Nəticədə 2003-cü ilin dekabr ayında Koreya milli futbol klubu oyun başlamazdan əvvəl himni oxuduğu üçün – müəllif hüquqlarının pozulması səbəbindən – məhkəməyə verilmişdir. Bundan 2 il sonra 2005-ci ildə Koreya höküməti Ahn Eak Tai-nin həyat yoldaşı və digər ailə üzvləri ilə rəsmi şəkildə danışıqlar aparmış və bəstəkarın ailə üzvləri bəstə ilə bağlı bütün hüquqlardan imtina edərək hüquqları Koreyaya hökümətinə vermişdir.

Milli möhürləri mavi, ağ və qırmızı teqık olan Koreya hökümətinin milli şüarı 홍익인간 –  “Bəşərin rifahına sədaqət”dir. Bəzi hallarda “Bəşərin rifahına ibadət” formasında da tərcümə edilir.

Koreyanın milli gülü 무궁화 – Mukungva olaraq bilinir. Dilimizə xüsusi tərcüməsi olmayan Hibiscus syriacus çiçəyi bəzi ədəbiyyatlarda Koreya qızılgülü olaraq da adlanır. Koreyanın bir çox milli simvollarında ləçəklərinin təsvirindən istifadə edilir. Festivallar və bayramlarda birmənalı şəkildə təbii mukungva çiçəkləri olur. Qədim zamanlardan etibarən imperatorun həyətini bəzəyən bu güllər “əbədiyyət”, “tükənməzlik” mənasını verir. Koreya himnində xalqın əbədiliyi məhz bu çiçəklə müqayisə edilir.

Koreyanın milli ağacı əsasən Çin, Yaponiya və Koreya adalarında geniş yayılan ədəbiyyatlarda “Pinus densiflora” olaraq bilinir. Koreya dilində소나무 – Sonamu  kimi səslənir və “qırmızı şam ağacı” mənasını verir. Ağac şamkimilər fəsiləsinə aid olub əksər ölkələrdə yayılsa da ilkin zamanlarda Asiyada bitən ağac kimi tanınmışdır. Qərbin ağacla tanışlığı Yaponiya vasitəsilə olduğu üçün əksərən “Qırmızı Yapon şam ağacı” kimi də ad qazanmışdır. Lakin Koreyanın milli himnində adının çəkilməsi, eləcə də “sədaqət” və “möhkəmlik” rəmzlərinin Koreyanın digər rəmzləri ilə səsləşməsi Cənubi Koreya hökümətinin bu ağacı milli simvollarından biri kimi qələmə verməsinə gətirib çıxartmışdır. Artıq ədəbiyyatlarda bu ağac “Qırmızı Koreya şamı” kimi qeyd edilir. Ağac həmçinin Konfutsiçilik cərəyanı nümayəndələrinin dəyərli saydığı azsaylı bitkilər siyahısındadır.

“Qarabağ atı”nın Azərbaycanın milli heyvan simvolu olması kimi Koreyanın da digər ölkələr kimi milli heyvan simvolu mövcuddur. Lakin görünür ki,  təbiətinin zənginliyi Koreya xalqını seçim etmək məsələsində çətin vəziyyətdə qoyub. Odur ki, Koreya milli quşu və Koreya milli heyvanı ayrı-ayrı kateqoriyalarda yer almışlar.

Koreya sağsağanı kimi tanınan və koreyaca 까치 – kaçi  adlanan bu quşun kökü Koreya ərazisi olan Decon-a gedib çıxır. Milli simvollardan biri hesab edilən quşun ən çox nümayəndələri indi də Cənubi Koreya ərazisində məskunlaşmışlar. Koreyalılar üçün kaçi sağsağanının mənası “inkişaf və firəvanlığı təmin edən, sağlam ruhlu xoşbəxt quş” – dur.

Koreya mifologiyasına pələnglərə verilən xüsusi yer, yəqin ki, sizə məlumdur. Qədim incəsənət nümunələrində rastlaşdığımız pələng təsvirləri, kral ailəsində doğulan körpələrin pələng balaları ilə birgə böyüdülməsi kimi hekayələr nəzərdən qaça bilməz. Koreya mədəniyyət və tarixində pələnglər qorxulu, şeytani ruhları qovan mifik heyvan kimi dəyərləndirilir. Təsadüfi deyil ki, Koreyanın milli heyvan simvolu da məhz pələng növlərindən biri sayılır. Əksərən “Sibir pələngi” kimi tanınan bu pələng növü ən çox Sibirdə və Koreyada rastlanır. Son illərdə Sibirdə nəsillərinin tükənməsi və ən çox üzvlərinin Koreyada qorunub saxlanılması hesabına “Koreya pələngi” adı da almışdır. Rəsmin xüsusi forması olan və yalnız Koreya incəsənətinə xas olan “Cakhodo” yalnız sağsağan və pələng təsvirinə əsaslanır. Bu tarixən də koreyalıların pələng və sağsağana verdiyi dəyərin ölçüsünü göstərmək üçün kifayətdir. Coson dövründə yaranmış xalq incəsənəti olan “Minhva” –da isə “kaçi horangi”, yəni “sağsağan pələng” daha fərqli şəkildə təcəssüm etmişdir. Daha çox Coson feodal hakimiyyətinin iyerarxik quruluşunu tənqid hədəfi edən bu rəsmlər satirik çəkilmiş “axmaq pələng”lərlə dolu olur.


가야금
– Kayaqım Koreyanın milli musiqi aləti olub, 6-cı əsrdə kralın Çinə səfərindən sonra ixtira edilmişdir. Kral Çində gördüyü bir çox musiqi alətini təsvir edərək ölkəsində də fərqli musiqilərin çalına biləcəyi alətin hazırlanmasını istəyir. Beləliklə sonralar kayaqım olan qayaqo musiqi aləti yaranır. Tar kimi fərqli növlərə malik olan bu alət ayaqlar çarpaz şəkildə qalmaq şərtilə yerdə oturularaq çalınır. Kayaqımın baş hissəsi sağ dizə söykənir. Stulda oturularaq çalınarkən alətin aşağı hissəsini söykəmək üçün xüsusi incə taxtalar qoyulur. Vaxtilə sarayları, saray baxçaları və kral ailəsinin zövqünü oxşayan kayaqım Asiyada ən qədim tarixə malik olan musiqi alətlərindən biri sayılır.

Hazırda dünyanın dörd bir yanında əhatə kütləsini getdikcə artıran 태권도– TekvandoKoreyanın milli idman növü sayılır. 1940-1950-ci illərdə Çin və Yapon döyüş növlərindən təsirlənərək, lakin tamamilə fərqli üslubda meydana çıxan tekvando 2000-ci ildə Paralimpiya və Olimpiya oyunları siyahısına əlavə edildi. 3 hissəli tekvando sözü  “əldən və ayaqdan istifadə yolu” mənasını verir. Xarakterik xüsusiyyəti rəqibə çox da yaxınlaşmadan əl-ayaq zərbələri ilə onu zərəsizləşdirməkdir. 9 böyük cərəyana malik tekvando 1955-ci ildə Çe Hon Hin-in başçılığı ilə birləşdirilmiş və o günümüzdən bu günə qədər daha böyük tarixi inkişaf yolu keçmişdir. Koreya Tekvando Assosasiyası üzvləri ilə birgə fərqli ölkələrdə həyata keçirdiyi nümayişlərlə hər zaman diqqət mərkəzində olmuşdur. 2017-ci ildə ölkəmizdə Koreya və Azərbaycan əlaqələrinə həsr edilmiş tədbirdə də çıxışlarını gördüyümüz koreyalı tekvandoçular Olimpiya oyunlarında Koreyanı təmsil edən fəxri üzvlər sayılırlar.

Gülər Nursu

Gülər Nursu

Gülər Nursu 굴레르 누루스
(dondurulmuş hesab)
"Hansamo" jurnalında yazar və redaktor.
"hansamo.az" saytında yazar.

Əlaqə:
guler.nursu@hansamo.az
999guler@gmail.com
FB/IG/youtube@gulernursu / Guler Nursu
Gülər Nursu

Latest posts by Gülər Nursu (see all)