//Koreya gözəllik standartları – Olccanq cərəyanı

Koreya gözəllik standartları – Olccanq cərəyanı

Dünyanın müxtəlif yerlərində gözəllik anlayışı fərqli cür qəbul edilir. Düşüncə tərzi, qədimdən bu günə qədər gəlib çatmış ənənələr sayəsində bu cür rəngarənlik yaranır. Təbii ki, bu da bir ölkəyə xas olan gözəllik anlayışının digər bir ölkədə eyni cür qəbul edilməməsinin ən vacib səbəblərindən biridir. 2013-cü il “Miss Korea” müsabiqəsində iştirakçı xanımların yarıdan çoxunun tam şəkildə biri-birinə bənzəməsi, hətta bu səbəbdən onların adlarının bir neçə dəfə qarışdırılması dünya gündəmində gülüş obyektinə çevirilmişdi. Burdan yola çıxaraq bir şeyi dəqiq deyə bilərik: Koreyada bir mənalı şəkildə çərçivəyə salınmış gözəllik standartları  mövcuddur.

Təəssüflə qeyd etməliyəm ki, Koreyada bu standartlara uymayan bir koreyalı açıq-aydın şəkildə mənfi rəylərə və ya münasibətə məruz qalır. Buna görə də Koreyada hər kəs gözəl və yaraşıqlı olmağa can atır. Burada estetik əməliyyat keçirmək o qədər sadə bir hal alıb ki, valideynlər artıq 5-6 yaşları olan övladları üçün əməliyyat pulu yığırlar. Əksər koreyalılar 18-20 yaşları tamam olan kimi əməliyyat masasına yatmaqdan çəkinmirlər. “Oppam eləməz” , “Onnimdə əvvəldən belədir” deyirsinizsə, fikrinizdən yayınmalı olacaqsınız. Çünki Koreya dünyanın “estetik əməliyyat paytaxtı” sayılır və əhalinin əksər bir qismi-xüsusilə də məşhurlar- ən azı bir dəfə əməliyyat etdiriblər. Lakin onu da qeyd etməliyik ki, dünyanın ən baxımlı cəmiyyətinin də elə Koreyada olduğu qəbul edilmişdir.

Bəs səbəb nədir? Bunun səbəbi əslində çox qədim zamanlara dayanır. Koreyalıların inancına görə insanlar bir neçə dəfə dünyaya göz açırlar. Və əgər onlar əvvəlki həyatlarında çox yaxşılıq ediblərsə, onda bu həyatlarında olduqca gözəl və ya yaraşıqlı olurlar. Ona görə də onlara bu həyatlarında daha rahat şərait təmin etməli, hər kəsdən öncə liftdən onlar düşməli, yeməkxanada ilk olaraq onlara yer verməli, onlara layiq olmadığın təqdirdə onlara yaxınlaşmamalı və sairə kimi kiçik qaydalara riayət etməlisiniz.

Belə şəxsləri digərlərindən ayırmaq üçün onlara 얼짱-olccanq(eng. “ulzzang”) adı verilmişdir. Yapon dilində yalnız oğlanlar üçün istifadə edilən məşhur “ikemen” sözünün koreya dilinə uyğunlaşdırılmış versiyasıdır. Həm xanımlar həm də bəylər üçün istifadə edilir. Hərfi mənası “gözəl üzlü” deməkdir. Hazırda sosial şəbəklərdə məhz olccanq olduğuna görə çoxlu izləyici sayı olan koreyalılar yetəri qədər çoxdur. Əksəriyyəti kifayət qədər məşhurluqdan sonra idol, aktyor olmaq üçün şirkətlərə müraciət edirlər. Top model kimi fəaliyyət göstərənlər də ya hansısa şirkət tərəfindən “kəşf edilir”, ya da özləri bu sənayeyə qoşulurlar. Olccanq artıq bir cərəyan kimi yayılmışdır. Əgər əvvəllər yapon ikemenləri Asiyanı təmsil edirdisə, indi bu vəzifə olccanq xanımlara və bəylərə həvalə edilmişdir. Və onların sayı düşündüyünüz qədər az deyil, demək olar ki, Koreya gəncliyinin əksəriyyəti məhz olccanqlardan təşkil edilib.

Bəs olccanqların görünüş xüsusiyyətləri necə olur?

Dəri rəngi- bu ən əsas məsələdir. Nə qədər ağ və təmiz dəriyə sahibsinizsə bir o qədər gözəl hesab edilirsiniz. Tünd rəngli dəri sizi “şəhər adamı” qəlibindən çıxarda bilər. Amma iqlim şəraitinə görə Koreyada demək olar ki, hər kəs açıq rəngli dəriyə sahibdir və tünd dərili şəxslərə az rast gəlinir.

Bir çoxlarında belə bir fikir formalaşıb ki, Koreyalılar balacaboy olurlar. Bu fikrinizdən də sizi daşındırmalı olacam. Olccanq bəylər 1.80-1.85, xanımlar isə 1.70-1.75 boylarında olurlar. Xanımlar ayaq uzunluqlarını gizlətməmək üçün bütün fəsillərdə qısa yubka və şortlarda gəzə bilərlər.

 

Bədən ölçüləri dünya standartlarındakı kimi yox, daha incə qəbul edilir. Xanımların çəkisinin 50 kilodan yuxarı olması çox ciddi problem sayılır. 45-50 arası və uzun boylu olmaq isə idealdır. Bəylər üçün bədən fiqurası çox vacibdir. Daimi idmanla məşğul olan koreyalılar üçün geniş çiyinlər, sərt qol əzələləri olccanqlığa gedən yolun yarısı deməkdir.

Artıq hamıya məlumdur ki, sırf qidalarının əksəriyyəti dəniz məhsulundan təşkil edildiyinə görə koreyalıların saçı olduqca güclü, parıltılı və zədəyə davamlı olur. Saçlarına əlavə qulluq göstərməsələr də oğlanlar gur saçlı olmağa, xanımlar isə ya tamamilə uzun, ya da qaşlarına qədər çatan tel ilə qısa saçlara üstünlük verirlər.

Çənə sümüyünüz V şəkillidirsə bir addım öndəsiniz. Çünki Koreyada belə çənə ideal sayılır. Bu əslində bütün Asiyaya aiddir. Hətta əgər sizdə belə deyilsə koreyalıların “əla” çıxış yolu var : yenə də əməliyyat! Üzünüzdə digər ən əsas fikir verilən nüans burun və dodağınızın balaca olmasıdır. Burnunuz azca dik və çox azca ovalşəkillidirsə, eləcə də üst dodağınız digərinə nisbətən azca şişkindirsə olccanq olmaq üçün elə də ciddi maneəniz yoxdur.

Təbii gözləri unutmamalıyıq. Bizim bütün Asiyalıları “qıyıqgözlü” kimi tanımağımız, onların bu irqə mənsub olmaqlarından qaynaqlanır. Gəl gör ki, koreyalılar üçün bu ən əsas kompleks mənbəyidir. Koreyalılar gözlərini daha böyük göstərmək üçün milyonlarla von pul tökürlər. “Daha iri gözlər-daha çox gözəllik” müasir koreyalıların əsas sloganıdır.

Bura qədər sadaladığımız hər şey olccanq olmaq üçün lazım olan şeylərin yarısı idi. Digər 50 faizi isə makyaj və geyim təşkil edir.

Koreyalılar brend geyimlərə üstünlük verirlər. Mərkəzi şəhərlərdə brend mağazalardan savayı geyimlər tapmaq qeyri-mümkündür. Bu bir həqiqətdir ki, Koreyada insanlar çox zövqlü, sadə, bir o qədər də gözəl geyinirlər.

Son bir neçə ildə isə dünya üzrə Koreya gözəllik standartlarına münasibət daha fərqli formada özünü göstərməyə başlayıb. Geridə qoyduğumuz 2017-ci ildə “The Independent Critics led by TC Candler-dünyanın 100 ən yaxşı üzü” sıralamasında səs vermə ilə BTS k-pop qrupunun üzvü Kim Taehyung( qrupdakı adı ilə V) birinci yerə çıxmış, koreyalı olmasa da Hallyu ulduzu olan və tam şəkildə Koreya gözəllik standartlarına cavab verən k-pop qrupu Twice-dan Tzuyu isə xanımlar arasında 3-cülüyü əldə etmişdir. Onu da qeyd edək ki, sıaralamada yer alan tək koreyalı məşhur Tzuyu və Taehyung olmamışdır.

Gülər Nursu

Gülər Nursu 굴레르 누루스
(dondurulmuş hesab)
"Hansamo" jurnalında yazar və redaktor.
"hansamo.az" saytında yazar.

Əlaqə:
guler.nursu@hansamo.az
999guler@gmail.com
FB/IG/youtube@gulernursu / Guler Nursu
Gülər Nursu

Latest posts by Gülər Nursu (see all)