//Koreya Buddizmi

Koreya Buddizmi

Bir çox digər Asiya ölkələri kimi Koreyada da əhalinin dini baxışı deizmə daha yaxın hesab edilir. Koreyada əhalinin 57 faizi özünü heç bir dinə aid etmir. Yerdə qalan digər şəxslərin inancları isə koreyalıların tarixi dini sayılan  Buddizmdən, ən sonuncu din olan İslama qədər dəyişir. Bizim mövzumuz da dinlərin Koreyada kök salmasının tarixi motivləri haqqında olacaq.

Göy cisimlərinə inam , heyvanlara sitayiş və şamanizm kimi ibtidai inancları nəzərə almasaq Koreyada müşahidə edilmiş ilkin din Buddizm olmuşdur. Buddizmin Mahayana qoluna mənsub qədim Koreya xalqları bu dini cərəyanı şamanizmin davamı kimi görürdülər. Çinli səyyahlar tərəfindən, təxminən Buddanın ölümündən 800 il sonra Koreyaya gəlib çatmış bu din Şilla krallığı dövründə kral tərəfindən dəstəkləndiyi üçün özünə daha çox tərəfdar toplaya bilmişdi. Xalq Buddizmə qarşı inancını Yaponların Koreyanı istila etdiyi dövrdə itirmişdi. Belə ki, Buddis rahibləri Yaponiyanın Koreyanı işğal etməsi üçün onlara kömək göstərirdilər. Rahiblər düşünürdülər ki, Buddizmin Koreyadan əvvəl kök saldığı Yaponiya hakimiyyəti, koreyalılar üçün ən yaxşı seçim ola bilər. Amma həmin dövrdə Şamanizmin təsirindən çıxmayan, eləcə də vətənpərvərlik ruhunda böyüdülən koreyalılar Buddist rahiblərinə də, dini-fəlsəfi cərəyanın özünə də qarşı kin bəsləməyə başladılar. Coson krallığı hakimiyyəti ələ aldığı andan etibarən Buddizmi yalançı din, buddist rahiblərini isə Vətən xaini adlandırmışdı. Koreyada Konfutsiçiliyin bir din kimi yayılmağa başladığı vaxt məhz bu dövrə təsadüf edir.

Lakin bu hadisələr Koreyada Buddizmin yox olması mənasına gəlmir. Hal-hazırda Koreyada Protestanlıqdan sonra ən çox dini mənsubiyyət məhz Buddizmə aiddir.  Hazırda ölkə ərazisində 66 Buddist məbədi mövcuddur. Bu məbədlər Koreya memarlığının ən gözəl parçaları hesab edilirlər. Bonqconqsa məbədi onların içərisində ən qədimi, eləcə də Koreya taxtaişləmə mədəniyyətinin ən gözəl nümunəsi sayılır.

Koreya Buddizmi 6 əsas hissəyə ayrılır. İlkin olaraq digər bütün Buddist ölkələr kimi Koreyada da “təzim etmək” vacib hesab edilir. Budda heykəlinin qarşısında edilən bu təzim zamanı ayaqlar arxada çarpazlaşdırılır, sinə yerə dəyiləcək qədər əyilir, alın yerə dayanır, əllər başın qabağında üçbucaq şəklində birləşdirilir. Qədim Koreyada bu cür təzim yalnız kral qarşısında və məbəddə edilə bilərdi.

Məbədə giriş zamanı əsas hissəyə yaxınlaşmamış həyətdə qoyulan su vasitəsilə ayaq, baş, boyun nayihəsinə əlin köməkliyi ilə su sərpilir. Bu təmizliyin göstəricisi sayılır və formal xarakter daşıyır. Məbədin əsas hissəsinə – Budda heykəlinin yanına –  daxil olanda şam yandıra, daha sonra isə təzim edə bilərsiniz. Qeyd edək ki, bu təzim Hindistanda ayaqüstə əllərin birləşdirilməsi ilə, Yaponiyada bir dəfə təzim edib ayağa qalxmaqla, Çində bardaş qurub heykəllə üz-üzə oturmaqla keçdiyi və fərqləndiyi kimi Koreyanın öz daxili bölgələrinə əsasən də dəyişir. Oxucularımıza daha yaxşı tanış olduğunu düşündüyümüz İslam dinini nümunə kimi istifadə edərək ayinin vaxtı haqqında fikir formalaşdıra bilərik. Namaz ayinindən sonra dua prosesinin müddətinin şəxsə görə dəyişməsi kimi, təzimin də vaxtı şəxsə əsasən dəyişir. Və təbii olaraq, qədim inanclara əsasən daha uzunmüddətli təzim dualarınızın daha tez qəbul olunmasına gətirib çıxardır.

Növbəti mərhələ isə meditasiyasıdır. Koreyada “Son” meditasiyası geniş yayılmışdır (Çincə: Chan, Yaponca: Zen). Bu proses həm məbədlərdə, həm də evlərdə həyata keçirilə bilər. Buddizmin bir çox qolunda meditasiya vaxtı duruşun vacibliyi qeyd edilir. Koreyalıların Mahayana Buddist inanclarında isə bu o qədər də vacib hesab edilmir. Əsas şərtlər bunlar sayılır: sakit, heç bir səs eşitməyəcəyiniz yerdə əyləşmək, şəxsin arzusuna əsasən Zen musiqinə bənzər musiqinin müşayiəti ilə oturmaq, nəfəsi nəzarət altına almaq, bütün zehni təmziləmək və “yüksək fikrə toxunmaq və geri qayıtmaq”. (red: Buddist inancın ən son və uca mərtəbəsi sayılan Nirvananın aşağı səviyyəli forması kimi izah edilə bilər) 

Koreya Buddizminə xas olan염불– Yombul ayini Buddanın adlarının oxunmasıdır. Bu ayində çoxsaylı ibadət edən şəxslər əyləşir və rahibdən sonra Buddanın adlarını sadalayırlar. Məsələn “Namu Amitabul”. Əgər nə vaxtsa bu ayinə canlı şahidlik edə bilsəniz, bu ayin sizə kpop konsertlərindəki “fanchant”ları xatırladacaq. Yuxarıda da qeyd etdiyimiz kimi ayinə əsasən Koreya mədəblərində rast gəlinir və əsasən meditasiyadan əvvəl həyata keçirilir. Deyilənə görə bunun vasitəsilə meditasiya vaxtı daha çox fikri bir araya cəmləmək olur.

Sutraların oxunması prosesi demək olar ki, bütün Buddist inanclı ölkələrdə həyata keçirilir. Mahayana Buddizmində də xüsusi yeri olan sutra oxuma ayini Buddanın ideologiya və fikirlərini bir araya gəlib oxumaq və müzakirə etmək üçün həyata keçirilir. Adətən oxunan sutralar kahin tərəfindən izah edilir və ya dinləyicilər öz aralarında müzakirələr aparırlar. Koreyada məbəd ərazisində, lakin məbədlərdən ayrıca şəkildə tikilmiş məkanlarda bu ayin həyata keçirilir. Kahin adətən arxası təbiət görünüşlü olan yerdə əyləşir, dinləyicilər isə kahinin qarşısında. Bir tərəfi açıq olan bu tikililər əslində fikir yayındırıcı olur. Lakin bu özü də ayinin tərkib hissəsi sayılır. Sutraları yetəri qədər diqqətlə dinləmək və dərindən qavramaq,  son nəticədə sizə nəinki qarşınızdakı təbiət görüntüsünü, hətta olduğunuz məkanı unuttura bilər.

 

Gülər Nursu

Gülər Nursu 굴레르 누루스
(dondurulmuş hesab)
"Hansamo" jurnalında yazar və redaktor.
"hansamo.az" saytında yazar.

Əlaqə:
guler.nursu@hansamo.az
999guler@gmail.com
FB/IG/youtube@gulernursu / Guler Nursu
Gülər Nursu

Latest posts by Gülər Nursu (see all)