//“Çay Mərasimi”

“Çay Mərasimi”

Ölkəmizdə çox istifadə edilən çay, əslində öz içində bir mədəniyyəti saxlayır. Maraqlı olan nöqtə isə hər bir ölkədə yer alan çayın təqdimatının da, hazırlanmasının da fərqli olmasıdır. Eynilə Cənubi Koreyada da çayın təqdimatı bizimkindən tamamilə fərqlənir. Belə ki, bu təqdimat prosesi çay seremoniyası adlanır və xüsusi mədəniyyətə malikdir. Koreyada ilk çay içimi Şila xanədanlığı dövründə Çindən gətirilən toxumlardan düzəldilmiş bir içki ilə başlayır. Koreyada çayın enişli yoxuşlu bir tarixi olmuşdur. Goryo xanədanlığı dövründə mədəniyyət, şeir, sənət, mahnı və s. məsələlərin bir hissəsi halına gəlmiş və çay seremoniyaları başlamışdır.

Koreyada çay əslində gözəl vaxt keçirmək, xoş söhbətlər etmək və qarşılarındakı insanı yaxşı qonaq etmək üçün içilir. Bizim mədəniyyətimizə nə qədər oxşadığının başqa bir sübutudur bu da.

Çayı dəmləməzdən əvvəl diqqət edilməli 2 məqam var: suyun istiliyi və çayın keyfiyyəti.

Çay mərasimlərində əvvəla çayı hazırlayan şəxs başda oturur. Çayı hazırlayan şəxsə “Pençu” adı verilir. Mənası “çayı hazırlayan önəmli şəxs”dir. Çay seremoniyasında istifadə edilən açıq rəngli saledon keramikalar çaynik və stəkanlar çox dəyərli hesab edilir və ailəni təmsil edir. Çay seremoniyasındakı məqsəd isə asan bir tənzimləmə ilə çayın ləzzətini almaqdır. Koreyada çay mədəniyyəti Çin çay ənənəsindən təsirlənmiş və Yapon çay mədəniyyətindən əvvəl meydana gəlmişdir.

Hər kəs əyləşir və su qızanda seremoniya başlayır. Çay dəmləyərkən bir yandan da söhbət edilir. Çayın dəmlənmə qisminə gəlsək, bu hissə bizim evdə dəmlədiyimiz qara çaydan bir az fərqlidir. Seremoniya çayniki, stəkanları qızdıraraq başlanır. Pençu bir miqdar çayı çaynikə əlavə edir və üzərinə isti su tökür. Ancaq burada diqqət edilməli bir məqam var: Suyu yuxarıdan su səsi çıxacaq şəkildə tökmək lazımdır. Çay iki üç dəqiqə dəmlənir. Çay əvvəlcədən qızdırılmış dəmlikdən bir stüardessa vasitəsi ilə stəkanlara tökülür. Stəkanlara tökərkən müəyyən bir yüksəkliyi qorumaq və çayın daha nəzarətli və cazibəli köpüklər yaratmasına diqqət etmək əsas nüansdır

.

Nə qədər çox köpük olsa o qədər yaxşı taleli olduğunuz mənasına gəlir. Pençu stəkanlara tökdüyü çayın rəngini, iyini və dadını heç vaxt unutmamalıdır. Çünki ikinci dəmləmədə bu çox mühüm bir məsələdir. Hər dəmləmədə çayın rəngi və dadı eyni olmalıdır. Çayın dadı acı olsa, qonaq Pençuya çayın dadı acıdır deyə bildirə bilər, bu ayıb sayılmır. İstəyə görə çayın dadı su və ya çay əlavə olunaraq dəyişdirilə bilər. Çay içilməzdən əvvəl sebe dediyimiz salamlaşma olur. Stəkanlar iki əllə tutulur, bir əl stəkanın yanında, digəri isə altında olur. Seremoniya bitdiyi zaman təkrar çay setini isti suyla yuyub, üzərini parça ilə örtürlər.

Ləman Həşimli

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)