//Cənubi Koreyadakı paranormal hadisələr, yerlər və əfsanələr

Cənubi Koreyadakı paranormal hadisələr, yerlər və əfsanələr

Koreyaseverlər olaraq hər birimiz izlədiyimiz seriallarda, filmlərdə və kliplərdə bir çox hekayələr, əfsanələrlə qarşılaşırıq. Koreyalıların inanclara, əfsanələrə nə qədər bağlı olduğu və inandığı da nəzərimizdən qaçmır. Bəs nəyə görə bu hekayələrə bu qədər inanırlar ? Bu hekayələr hansılardır?

İlk öncə paranormal hadisələr və koreya dilində desək: kvişin (귀신) adlanan ruhlarla bağlı bilinənlərə nəzər yetirək. Daha sonra isə serial və filmlərdən bildiyimiz əfsanələrə baxaq.

1. Qonciam Psixiatriya Xəstəxanası – 곤지암

Cənubi Koreyada Qvanqcu bölgəsində yerləşən Qonciam psixiatriya xəstəxanası tez-tez ziyarət edilən yerlərdən biridir. Xəstələrin sirli ölümü 1990-cı ildə xəstəxananın ani şəkildə bağlanmasına səbəb olub. Bu qorxunc və tərk edilən binada işgəncə görən ruhların hələdə var olduğuna inanılır. Seulun cənubunda yerləşən pas bağlamış qapıları, parçalanmış pəncərələri və boz ləkəli betondan daha artıq olan bu yer, Koreyanın ən qorxulu yerlərindən biri hesab olunur. Bina uzun müddət tərk edilmişə bənzəsə də, sadəcə 1990-cı ildə ani olaraq bağlanıb. Binanın bağlanması ilə bağlı bir çox səbəb verilsə də ən yayılmış olanı 10 il ərzində xəstələrin və işcilərin anidən otaqlarında və masabaşında ölü halda tapılmasıdır. Bağlanma səbəbi nə olursa olsun yavaş-yavaş çökməkdə olan bu xarabalığı ziyarət edənlər xəstəxananın tələsik formada bağlanıldığını qeyd edirlər. Çarpayılar, masalar və digər xəstəxana mebelləri hələdə otaqlarda qalmaqdadır. Həkim müayinə otaqlarında tozlu ağ  xalatlar, paslanmış müayinə stolları və sənədlər indiyənədək qalmaqdadır. Xəstələrin xüsusi məşğuliyyətləri olan oyunlar, kitablar, şəkil çərçivələri də xəstəxanada tapmaq mümkündür.

~~~

2. Yonqdok Evi – 영덕 흉가

Cənubi Koreyanın Qyonqsanqbok-do 58, ünvanında yerləşən ev, qorxulu yerlər arasındadır.

Yonqdok dəniz məhsulları, xüsusi ilə də xərçəngləri ilə məşhurdur. Ancaq Cənubi Koreyadakı ən qorxulu yer olduğu deyilən və bir təpənin üzərində yerləşən ev də, bu yeri məşhur edir. Evlə bağlı 2 hekayə vardır.

Birincisi, bu ev Koreya müharibəsi zamanı ölən toplu bir məzarın üzərində inşa edilib. Qulağınıza kömək istəyən gənclərin qışqırıq səsləri gələ bilər.

İkincisi, evin sahibi sirli bir avtomobil qəzasında öldü və evin sahibi Kimin səsini eşidə bilərsiniz.

Hər iki hekayənin isə ortaq tərəfi , o evə köçənlərin öləcəyidir. Ev kiçik bir zirzəmisi olan 2 mərtəbəli sadə binadır. Bir çox insan evə getdiyini və müəmmalı heç bir hadisənin baş vermədiyini bildirib. Ən azından geri qayıdıb videoları izləyənə qədər. Kasetdə eşidilən səslərin evdə eşitmədiklərini bildirən insanlar böyük bir şokla qarşılaşıblar. Həmin kasetlərdə səslər açıq bir şəkildə eşidilir. National Geographic, paranormal kəşflər ilə bağlı bölüm yayımlayan zaman “Ora girmərəm” deyə bildiriblər.

3. Nılbom Bağı – 늘봄 가든

Cənubi Koreyanın Çonqonqbok-do 796 ünvanında yerləşən restoran öz adı ilə bilinir.

Restorandan gələn səslərə baxsaq, əslində tərk edildiyini zənn etmək mümkünsüzdür. Nılbom Bağının hardasa 20 il öncəyə qədər məşhur bir restoran olduğu deyilir. Hekayə restoranın ilk sahibləri ilə başlayır. Restoranın sahibi olan ailə öldükdən bir neçə il sonra, restoranın digər sahibləri də öldürülür. Daha sonra restorani işlədən və restoranda işləyənlər qapıların çırpıldığını, əşyaların düşdüyünü və digər qəribə hadisələrin baş verdiyini bildiriblər. Restoranın sahibi dəli olduqdan sonra restoran bağlanılıb.

4. Yonqma Land

Seul, 118 Manqu bon-donqda yerləşən Yonqma Land, 80-ci illərdə cütlüklər və ailələr üçün məşhur bir yer idi. Həmçinin, Lotte World açıldıqdan sonra insanlar bu kiçik əyləncə parkına maraq göstərməyə başladı. Rəsmi olaraq 2011-ci ildə fəaliyyətinə son qoyulan və üzüm, vəhşi otlar, vikinq və toqquşan vaqonlar ilə rəngarəng görünən park, zamanla donaraq nostaljik bir hava yaradır. Yonqma dünyası fotoqraf və turistlər üçün möhtəşəm yerdir. Lakin, diqqətli olun! Deyilənlərə görə ağ libaslı kiçik bir qız, gecələr parkın ətrafında ağlayaraq anasını axtarır.

5. Koreya Milli Kənd Evləri

Yonqində yerləşən Koreyanın milli kənd evləri “Hanok”, Qyonqqido bölgəsində ruh yürüyüşləri ilə tanınır. The Virgin Ghostsun hekayəsinə ev sahibliyi edən yerdə bir çox koreyalı gənc, kvişin (ruh) kimi geyərək, gecələr bölgəni gəzir. Aralarında ən çox diqqət çəkənlər isə bakirə ruhlardır. Keçmişdə evlənmədən ölmək böyük bir bədbəxtlik sayılırdı. İndi də uzun qara saçlı, ağ yas libası geyinən bakirə ruhların olduğunu və onları gördüyünü iddia edənlər var.

6. Cecu Adası Ruhları

Ada Cənubi Koreyanın Collanam-do bölgəsində yerləşir. Estetik və zəngin mədəniyyəti ilə bilinən Cecu adası, Koreyanın Cənnət adası olaraq qəbul edilir. Lakin, cənnət adasının qaranlıq bir keçmişi vardır. 1940-cı illərdə Koreya höküməti, Cecu üsyanını yatırtmaq üçün ordunu Cecuya göndərir. Ada, həmin vaxtlar 60.000 insanın siyasi müdaxilələrlə bağlı təcavüzə və işgəncələrə məruz qalaraq yandırıldığı yer idi. Bu acı tarixlə bağlı olaraq adada yaşayanlar həmin insanların ruhlarının hələdə orada olduğunu bildirir. Adada yaşayan bir çox Şaman var. İnsanlar onlarla əlaqə quraraq məlumatlar alır. Həmçinin, Cecu adası dərin sularla əhatə olunduğu üçün burada intihar edən, balıqçılıqla məşğul olan insanların cəsədləridə suyun altındadır. Məhz buna görə Mul Kvişin (su ruhları) adlanan ruhların da olduğu deyilir. Mul Kvişinlər ən qorxunc ruhlardandır. Solğun dəriləri və yaş paltarları ilə tanınırlar. Suya nəzarət edən ruhlar, gecələr suya yaxınlaşan insanları uzun qolları vasitəsi ilə tutaraq suya doğru çəkirlər.

7. Cayuro Ruhu

Cayuro, Seulun şimalında yerləşən Qoyanq və Pacu arasındakı yoldur. Yolun bu qorxulu hissəsi bir çox sürücünün bildiyi hekayəyə sahibdir. Dumanlı görünüşü olan bu yer qəzaların baş verdiyi məşhur yerdir. Lakin bir çox sürücü qəzaya səbəb yol qırağında gözləyən günəş eynəyi taxmış bir qadın olduğunu deyir. Qadına yaxınlaşdıqca əslində gözündə eynək olmadığını və göz yuvalarının qara dərin bir çuxurla əhatə olunduğunu deyirlər.

8. İki Qız Şagirdin Ruhu

1999-cu ildə universitetlərin birində Kanq Ci Hyon və İ So Yon adlı iki qız, yataqxanada ölü tapıldı. İkisi də yuxusuzluq və kabus görməkıə bağlı şikayətci idi. Hər iki şagird universitete gələn qəribə bir adam tərəfindən zorakılığa məruz qaldıqlarını bildirmişdi. So Yon bir gecə duyğusal cəhətdən çökmüş və üzəri parçalanmış şəkildə yataqxanaya gəlir. Bu hadisədən sonra hamam otağında islaq bir adamın onları izlədiyini bildirir. 19 oktyabr 1999-cu ildə hər iki qız ölü olaraq tapılır. Daha sonra başqa şagirdlər də eşitdikləri qəribə səsləri bildirməyə başlayırlar. Şagirdlərin dediklərinə görə qapıları döyülür və açdıqları zaman heç kəs ətrafda olmurdu.  İşıqların partlaması, pəncərələrin çatlaması da bildirilirdi. Hər kəs bunları edənin iki qızın ruhu olduğunu və həmin adam yaxalanana qədər hadisələrin davam edəcəyini deyir.

9. Ölüm Mələyi – 저승사자

Bağlarda istifadə olunan alətlərdən biri ilə öldürülən cosınqsaca ölüm kralıdır. Budist cəhənnəmində yaşayır. Qorxunc ağ əlləri vardır. Milli Koreya kişi paltosu geyər və papaq taxar. Qorxunc kölgəsinin ardında düm ağ üzü, qırmızı qanlı gözləri, qarğa dimdiyi kimi burnu vardır. Cəhənnəm qapısında mükafat və cəzaları paylayar. Koreya əfsanələrinə görə zərər verməz. Sadəcə ölümü təmsil etdiyi üçün ondan qorxular.

10. 9 Quyruqlu Tülkü ; Qumiho – 구미호

Qumiho 9 quyruqlu tülkü olan xalq əfsanəsidir. Bu tülkünün cəzbedici bir gözəlliyə sahib olduğu deyilir. Gecələri insan libasına girərək dağdan keçən kişiləri özünə aşiq edər və onların ciyərlərini yeyər. Rəvayətə görə Qumiho 900 yaşındadır və bədəninin tam mərkəzində dəyərli bir daşa malikdir. Bu daş vasitəsilə Qumiho istədiyi hər şeyi edə bilir.

11. Qoblin – 도깨비

Qoblin şeytanı və cini təmsil etsədə, Koreya mədəniyyətində fərqli şəkildə bilinir. Pis insanlara müxtəlif oyunlar oynayan, lakin yaxşı insanlara böyük şans gətirən, pis ruhları qovan bir varlıqdır. İnsanların başına bədbəxtliklər gətirsə də dokkebi, ruzi-bərəkətin semvoludur. Serialda gördüyümüzdən fərqli olaraq, Dokkebilər çox çirkin varlıqlardır.

Cecu ilə Hallasan Milli Parkı arasında “Ruhlu Yol” olaraq bilinən “Dokkebi” yolu vardır. İlk baxışda normal yola bənzəyir. Ancaq topu yoxuşdan aşağı atsaq, top tərsinə dönəcək və yoxuşdan yuxarı qalxacaq. Bunun səbəbi paranormal hadisələr deyil. Qorxmayın, bu sadəcə optik illuziyadır. Yol yoxuş yuxarı görünsə belə, əslində yoxuş aşağı gedir.

Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova