//Bütün zamanların ən sevilən K-Dramaları

Bütün zamanların ən sevilən K-Dramaları

K-Drama həvəskarı hər bir insanın ən başlıca problemi indi nə izləyim sualıdır. Ona görə də qərara aldıq ki, 2000-lərdən yola çıxaraq tamaşaçıların sevgisini qazanmış məşhur K-Dramalardan bir neçəsini sizlərə təqdim edək. Bunu danmaq olmaz ki, 2016-cı il K-drama tarixinin ən uğurlu ili hesab edilir. Təqdim edəcəyimiz serialları tərəddüdsüz izləməyə başlaya bilərsiniz. Siyahı illər üzrə sıralanmayıb.

I’m Sorry, I Love You – Sözsüz ki, yayımlandığı dövrün ən çox bəyənilən və ssenarisi ilə diqqət çəkən serialıdır. Hətta o qədər bəyənildi ki, bir neçə ölkə yenidən bu serialı öz dillərində çəkdilər. Qardaş Türkiyə də “Bir Aşk Hikayesi” adı ilə bu serialı illər sonra yenidən çəkdi.

Empress Ki – Serial, Çingiz Xanın qurduğu Yuan Xanədanlığına 37 il hökmranlıq edən Dəmir Ledi İmperatriça Ki`nin həyatı ilə bağlıdır. Goryoda (Koreya) doğulan, lakin Yuan İmperiyasında yaşayan və imperatriça vəzifəsinə yüksələn, İmperatriça Ki`nin (HaJi-Won) sevgisi və mübarizəsindən danışır.

Queen Son Duk – Tarixi janrda film sevənlərin çox bəyənəcəyi bir serialdır.Vaxtilə tərcümə olunaraq “Muhteşem Kraliçe” adı ilə TRT 1 kanalında yayımlanmışdır. Yayımlandığı dövrdə Koreyada reytinq cədvəllərində hakimiyyətini qoruyub saxlayan bir dramadır. Digər seriallardan bir fərqi də, seriyasayının çox olmasıdır. Buna baxmayaraq tarixi janrı sevirsinizsə,  mütləq baxmalı olduğunuz bir serialdır.

Big – 18 yaşında bir gəncin keçirtdiyi qəza nəticəsində ruhu 30 yaşında bir adamın (Gong Yoo) bədəninə girir. Bir sözlə Big, fərqli bədənlərdə, fərqli həyatları yaşamaq məcburiyyətində qalan insanların əyləncəli hekayəsidir. Təbii ki, əgər Gong Yoo varsa bir serialda, onun adi ssenarili bir layihə olduğunu düşünmək olmaz.

Kill Me, Heal Me – Məncə, bu haqda danışmasaq da olar. Çünki bu möhtəşəm dramanı izləməyən yoxdur. Bir şad xəbər də verək. Bu yaxınlarda bir türk televizya kanalı Koreya seriallarının tərcüməsinə başladı və şübhəsiz ki, ilk yayımlanan serial Kill Me, Heal Me oldu.

Love Rain –Adından da göründüyü kimi, içində bol yağış və məhəbbət olan bu serial 70-ci illərlə günümüzün məhəbbətlərinin arasındakı fərqlərini nümayiş etdirən melodramdır. 1970-ci illərin paltarlarını, saf məhəbbətlərini, utanqaclıqlarını və o dövrün Cənubi Koreyasını gözəl bir şəkildə təsvir edir.

Secret Garden – Ruhun yerdəyişməsindən bəhs edən daha bir möhtəşəm serial. Tamamilə fərqli iki insanın ruhunun yerdəyişməsindən bəhs edən bu romantik-komediya hələ də öz məşhurluğunu qoruyub saxlamaqdadır. Bütün dünyada o qədər sevildi ki, hətta Türkiyədə tərcümə olunub kitab halına salınaraq çap olundu.

Reply 1997 – Ümumiyyətlə reply seriyasından olan bütün dramaları izləməyinizi məsləhət görürük. Eyni ssenari müəllifi və rejissorun məhsulu bu seriallarda mövzu hardasa eynidir. Uşaqlıqlarından bəri bir yerdə yaşayan uşaqların, həddi buluğa çatdıqlarında bir-birlərinə fərqli gözlə baxmaqlarından söhbət gedir. Bu serial seriyasının özünəxas isti bir romantik-komediya tərzi var.

Weighlifting Fairy Kim Bok Joo – İdmanı sevirsinizsə, bu dramanı mütləq izləməlisiniz. Başrol qızımızın səmimi və gülməli davranışları, sevməyi öyrənməsi içimizi isidəcək. Bu serialı izləyərkən ürəyinizin çoxlu toyuq qızartması istəyəcəyi şübhəsizdir.

The Legend of the Blue Sea – Lee Min Ho sevərlərin bəyənərək izləyəcəyi fantastik bir romantik-komediya. Dünya üzərindəki sonuncu dəniz qızının bir dələduzla tanışlığından və quruda yaşamağa çalışmasından bəhs edən bu serial, əminəm ki, zövqünüzü oxşayacaq.

My Girlfriend İs A Gumiho – Serial 500 ildir həbs olan bir Gumihonun azad olmasından və dünyada yaşamasından, sevməsindən bəhs edir. Gumiho doqquz quyruqlu tülkü deməkdir. Koreya mifologiyasında keçən bir varlıqdır. Serial türk dilinə tərcümə olunaraq kitab kimi çap olunan ikinci Koreya serialıdır.

Goblin – Təbii ki, bir siyahı tərtib edib Goblin`i yazmamaq olmazdı. Fantastik janrdakı ən möhtəşəm Koreya serialıdır. Yayımlandığı dövrdə Koreyada və yayımlandığı bütün ölkələrdə reytinq siyahısında birinciliyini qoruyub saxladı. Serialla yanaşı, serial üçün hazırlanan bütün musiqilər reytinq cədvəllərində çox uzun müddət öz birinciliyini əldən vermədi və bir çox mükafatlara layiq görüldü.

Dae Jang Geum – Bir vaxtlar TRT 1-də “Saraydaki Mücevher” adı ilə yayımlanan və bəyənilən bu serialı həm tarixi drama sevərlər, həm də yemək yeməyi sevərlər mütləq izləsin. Serial bizlərə həm də Koreya mətbəxinin gözəlliyini, necə çətin şərtlərdə formalaşdığını və Koreya mədəniyyətini göstərir.

Boys Over Flowers – Bir çoxumuzun Lee Min Ho`nu tanıdığımız ilk serialdır deyə bilərəm. Gənclik və məktəb mövzulu bu serial hələ də sevilə-sevilə izlənən seriallardandır. Türkiyədə də “Güneşi Beklerken” adı ilə yenidən çəkilən serialların siyahısındadır.

I Miss You –Xatirələr üzərində qurulmuş, təsirli bir eşq hekayəsi. Serial ilk məhəbbətlərinin acısını ürəyində daşıyan iki insan haqqında melodramdır.

Bridal Mask – Serial Cənubi Koreyanın Yapon müstəmləkəsi dövründə, yaponlara qarşı mübarizə içində olan və savaş sənətləri mövzusunda bacarıqlı Lee Kang To`nun hekayəsindən bəhs edir.

East of Eden – Eyni xəstəxanada doğulan və bundan sonra taleləri həmişə kəsişən iki qəhrəmanın hekayəsindən bəhs edən serial, yayımlandığı zamanın səs gətirən layihələrindən biridir.

Winter Sonata –Koreyada bütün zamanların ən yaxşı reytinqini toplamış, Yaponiyada izlənmə rekordları qırmış, aktyorlarının heykəlləri qoyulmuş, musiqi albomları kifayət qədər çox satılmış demək kifayət edər məncə. Hətta yaponlar o qədər bəyənib ki serialı, animesini çəkiblər. Bir çox mükafata da layiq görülən serial, romantik-dram janrındadır. Qarşınızda izləyib çoxlu ağlayacağınız bir drama var.

Jumong – Uzun müddət TRT 1 ekranlarında “Efsane Prens” adı ilə yayımlanan serial Koreya tarixinin bir hissəsi üzərinə qurulmuş bir dramadır. Goguryeo krallığı və Jumongun həyatından bəhs edir.

Emperor of The Sea – Həqiqi bir tarixi qəhrəmanın həyatından bəhs edən serial, yazar Cho In Honun romanından götürülmüş dastanvari bir serialdır. Qul olaraq doğulan, lakin sonradan Şila cəmiyyətində yüksək bir mövqeyə çatan, tarixdəki tanınmış şəxslərdən biri olan Jang Bogonun həyatından bəhs edir. “Denizler İmparatoru” adı ilə türk dilinə tərcümə olunmuş və TRT 1 ekranlarında yayımlanmışdır.

Ləman Həşimli

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)