//Allahverdidən Koreyadakı vəziyyətlə bağlı müsahibə

Allahverdidən Koreyadakı vəziyyətlə bağlı müsahibə

Əziz Hansamo izləyiciləri, bir neçə gün öncə hekayə bölməsində koronavirus ilə bağlı sizə maraqlı gələn sualları verməyinizi xahiş etmişdik. Narahatçılığınızı nəzərə alaraq Koreyada yaşayan həmyerlimiz @albennim ilə müsahibə hazırladıq və Koreyadakı vəziyyətə şəxsən şahid olan Allahverdi bəy suallarınızı cavablandırdı. Bütün dünyanı vahiməyə salan virus haqqında ətraflı məlumat verdiyi üçün Allahverdiyə təşəkkürlərimizi bildiririk.

  1.  Bildirilənə görə ölkədə virus kəskin şəkildə yayılıb. Hətta hərbi hissələrdə belə yoluxma halları baş verir, əsgərlər karantində saxlanılır. Bununla bağlı nə deyə bilərsiniz?
    Allahverdi: Bəli, əsgərlər karantindədir və yoluxanların sayı kifayət qədər çoxdur. Əsgərlərin hərbi hissədən kənara çıxması qadağandır. Həmçinin yoluxanlar arasında amerikalı əsgərlər də var.
    2. Ölkədə ümumilikdə COVID-19(Korona) virusundan dünyasını dəyişən və virusa yoluxan neçə nəfər var?
    Allahverdi: 29 fevral saat 4-də verilən məlumata görə hazırda 3150 nəfər virusa yoluxub, dünyasını dəyişənlərin sayı isə 17 nəfərdir. Müalicə alan 28 nəfər isə tamamilə sağalıb. Virusa yoluxması şübhəli bilinən 35,182-dən artıq insan isə analizlərinin cavabının çıxmasını gözləyir. Məlumata görə gələn həftənin sonuna qədər yoluxanların sayının 10.000-i keçəcəyi gözlənilir. Tamamilə müalicə alaraq sağalan bir nəfər isə evə buraxıldıqdan sonra yenidən virusa yoluxub.
    3. Necə olub ki, Koronavirusu Koreyada yayılmağa başlayıb?
    Allahverdi: Virus Çindən gəlib və çinlilərlə əlaqəli olan kilsədən yayılmağa başlayıb. Təkcə həmin kilsədə yoluxanların sayı elə 1.500-ü keçib. Kilsənin ən azı 300.000 üzvü var. Ölkə rəhbərinin qərarına əsasən kilsəyə üzv olan hər kəsin tibbi yoxlamadan keçməsi mütləqdir.
    4. Şirkətlər idollarını qorumaq üçün hər hansısa bir tədbir görür?
    Allahverdi: Şirkətlər idollarını və sənətçilərini qorumaq məqsədi ilə konsert və tədbirləri təxirə salır, ləğv edirlər.
    5.Koreyada ölkənin ümumi vəziyyəti necədir?
    Allahverdi: Ölkə xaosdadır. Hər kəs qorxu içindədir. Qorunma məqsədi ilə maska taxsaq belə, virus hava vasitəsi ilə gözə təmas edərək də keçə bilir. Ev heyvanları belə virusa yoluxa bilir.
    6. Vaksin tapılıbmı?
    Allahverdi: Həkimlər xəstələri müalicə etməyə çalışırlar. Vaksinin hazırlanması üçün isə ən azı 8-12 ayın tələb olunduğu deyilir.
    7. Virus Çində necə yaranıb?
    Allahverdi: Deyilənə görə virus Çində laboratoriyada yaradılıb və oradan da yayılmağa başlayıb. Yarasa yedikləri üçün virusun yarandığı məlumatı doğruları əks etdirmir. Çinlilər 3000 ildir ki, yarasa yeyir.
    8. Koreyada küçələr Çində olduğu kimi boşdur?
    Allahverdi: Seulda vəziyyət get-gedə pisləşir, amma yenə də hər şey öz axarında davam edir. Lakin, bəzi şəhərlər çox pis vəziyyətdədir.
    9. Apteklərdə maska tapmaq mümkündürmü, tibbi vasitələrin qiymətlərində süni artım müşahidə olunurmu? Ümumilikdə hansı proflaktik tədbirlər görülür?
    Allahverdi: Ölkədə maska tapmaq mümkün deyil. Buna görə də dövlət tərəfindən rəsmi olaraq Koreyadan başqa ölkələrə maska ixracı və satışı dayandırılıb. Yeni verilən qərara əsasən gün ərzində 100 milyon maska istehsal olunacaq və istehsal olunan maskaların 50%-dən çoxu dövlət qurumlarına ucuz qiymətə satılacaq. Xəstəxanalarda kifayət qədər yer olmadığından yoluxan xəstələr evlərinə göndərilir.
    10. Virusla bağlı əhalinin sıx olduğu yerlərdə hansı tədbirlər görülür?
    Allahverdi: Bütün məktəblər, baxçalar, kitabxanalar, muzeylər, bir sözlə xəstəxana və iş yerlərindən başqa hər yerin fəaliyyəti dayandırılıb.
    11. Əhalinin hadisələrə qarşı münasibəti necədir, insanların arasında çaxnaşma varmı?
    Allahverdi: Təbii ki, hamı qorxur və panika içərisindədir.
    12. Virusun gündəlik insan həyatına təsiri necədir?
    Allahverdi: Mənfi təsiri çoxdur. Demək olar ki, çox yer bağlıdır. Hamı maskada gəzir.
    13. İnsanlar işə, məktəbə, universitetə necə gedirlər?
    Allahverdi: Məktəblər və universitetlər yeni dərs ilinin başlayacağı tarixi 1 ay təxirə salıb. Bəzi iş yerləri də bağlıdır.

Allahverdi Hacıyevin instaqram hesabından daha ətraflı məlumat ala bilərsiniz. (@albennim)

TAGS:
Elmina Səfərova