//Ədəbiyyatın Koreya üzü

Ədəbiyyatın Koreya üzü

Şərq hər zaman özünün orijinallığı ilə seçilmişdir. İstər mədəniyyəti, incəsənəti, istərsə də
sosial həyatı qərblə müqayisədə daha nadir xarakterlərlə yadda qalan Şərqin fərqli
mədəniyyəti onun mədəni nümunələrinə öz ciddi təsirini göstərmişdir.

Bu cür mədəni
nümunələrdən biri də ədəbiyyatdır. Koreya ədəbiyyatı isə özü ayrılıqda Şərq ədəbiyyatının
vacib qollarından birini təşkil edir.
Lakin təəssüflə birlirməliyik ki, ölkəmizdə digər şərq ölkələri kimi orijinal dildən tərcümə
edilən Koreya ədəbiyyatı nümunələri demək olar ki, yoxdur. Hətta ikinci, üçüncü dildən
tərcümə edilsə belə kitab evlərində bu ədəbiyyatın nümunələrinə rast gəlmədiyimiz bir
həqiqətidir. Oxucuların Koreya ədəbiyyatı haqqında az məlumatlı olmasını buna bağlayaraq,
yazımızda məşhur Koreyalı yazıçılar və Koreya ədəbiyyatı nümunələri haqqında məlumat
verməyi qərara aldıq.
İlk olaraq onu qeyd edək ki, Koreya ədəbiyyatının 1500 il tarixə malik olduğu deyilir.
Klassik və müasir dövrə bölünən Koreya ədəbiyyatındakı yazı dili Koreya və ya klassik Çin
dili olmuşdur. Klassik ədəbiyyatı olduqca zəngin olan Koreya, 20-ci əsrin ilk illərindən yeni
bir ədəbi dövrə ayaq basmışdır. Danışıq dili ilə yazılmağın əsas götürüldüyü bu dövr, müasir
Koreya ədəbiyyatının yaradılışının başlanğıcı olmuşdur. Koreya ədəbiyyatının formalaşmasına
onların öz tarixi köklərinə həddindən artıq sıx bağlı olması ilə yanaşı, Çin və Yaponiyanın da
ciddi təsiri olmuşdur. Tarixi, mistik, fantastik hekəyələrin müasir dillə qovuşması sayəsində
Koreyanın ədəbiyyatı bügünkü qəlibə salınmış və dünya ədəbiyyat mərkəzlərində iri
addımlarla irəliləyərək böyük maraqla izlənmişdir. 2014-cü ildə “London Kitab
Araşdırmaçıları” birliyində “diqqətdə olmalı olan ədəbiyyat” kimi Koreya ədəbiyyatı
göstərilmişdir. 2016-cı ildə “Man Booker” mükafatını koreyalı yazıçı Han Kangın qazanması
ilə eyni vaxtda digər şərq ölkələrinin yazıçılarının da məşhurlaşmağa başlaması, dünya kitab
evlərində Koreya ədəbiyyatı nümunələrinin tərcüməsini daha da çoxaltmışdır.
Təbii ki, klassik dövr Koreya ədəbiyyatı da yetəri qədər maraqla qarşılanırdı. Lakin bu bir
faktdır ki, Koreyanın müasir dövr ədəbiyyatı dünyada daha çox tanınmışdır. Bu mənada
məşhur koreyalı yazıçılardan və onların ən azı bir dəfə oxumalı olduğunuz mədəni
nümunələrindən söz açmağı özümüzə borc bilirik. Ümid edək ki, qarşıdakı illərdə bütün adını
çəkdiyimiz və ya çəkmədiyimiz koreyalı yazıçıları öz dilimizdə oxumaq şansımız olacaq.
Pak Van So(박완서) 1931-ci ildə doğulan qadın yazıçı Koreya müharibəsinin dəhşətini
yaşamış və bunu öz əsərlərinə tökməkdən çəkinməmişdir. Müharibəyə görə universitet həyatı
sona çatmış və Şimali Koreya qüvvələrinin onu anası ilə qardaşından ayırması nəticəsində tək
həyat sürməyə başlamışdır. İlk ədəbi əsəri “Namok”(Çılpaq ağac) olmuş, daha tez qələmə
alınmasına baxmayaraq, 1970-ci illərdə işıq üzü görmüşdür. “Bütün Şinganı kim yedi?”

əsərində baş qəhrəmanın timsalında müharibədən əziyyət çəkən insanlar, müharibənin
insanların, ailələrin başına gətirdiyi faciələr bütün həqiqətləri ilə çəkinmədən təsvir
olunmuşdur. Bütün əsərlərində Koreya qadınının düçar olduğu əziyyətləri xüsusi olaraq göz
önünə gətirən Pak Van So bu xüsusiyyətinə görə digər bir çox qadın yazıçılardan fərqlənir. 21-
ci əsrdə o, müharibə mövzulu əsərlərə müraciət etməsə də, qadın mövzusu yenə də onun üçün
vacib məsələ olmuş və qadınların daxili dünyalarındakı savaşlarını inanılmaz həqiqiliklə
oxuculara çatdırmışdır. 2011-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişən yazıçı son
nəfəsinə qədər ailəsini tapmaq istəyini dilə gətirmiş, lakin ölümünə qədər onlardan heç bir
məlumat əldə edə bilməmişdir.
Ko In. 1933-cü ildə doğulan buddist keşişi, Cənubi Koreya demokratik aktivisti olan şair
Konun həyatı digər yazıçı və şairlərə nisbətən daha “səs-küylü” keçib desək yanılmarıq. O da
digər bir çox yazıçılar kimi müharibənin acı nəticələrinə şəxsən şahid olmuş, 1962-ci ildə
bütün bunlara dayanmayaraq özünü hər şeydən təcrid etmişdir. Buddist məbədində keşiş
olmaq qərarı aldıqdan bir müddət sonra ilk şeirlərini yayımlamağa başladı. Buddist məbədində
yazdığı bu şeirlər artıq bir çoxlarının əlində gəzir, azadlıq ruhlu ürəklərə su səpirdi. 1970-ci
ildə məbədi tərk edən Ko yenidən sosial həyatını davam etdirməyə başlayır. Bu onun Koreyalı
demokratik aktivistlərə qoşulmasının başlanğıcı olur. Siyasi fikirlərinə görə bir neçə il həbsdə
yatan Ko, dünyanın “həbsxana şairləri” sırasına daxil olur. Həbsxanada yazdığı şeirlər hansısa
yollarla demokratik fəalların əlinə keçir və onlar şair özü həbsdə olsa da, şeirlərini azadlıqda
yaşadırdılar. Müharibə qalıntıları yox olduğu vaxtlarda azadlığa çıxan şair özü də bilmədiyi
şəkildə məşhurlaşdığını görür və ən yaxşı edə biləcəyi şeyi edərək həyatını şeir yazmağa həsr
edir. Əksəriyyəti hal-hazırda 50-dən çox dilə çevrilmiş bu şeirlər özündə azadlığın bütün
rənglərini daşıyır. “Dalğalarımın səsi”, “Koreya:Cənubi, Şimali” , “Sabahın mahnısı”,
“Seçilmiş şeirlər” kitablarında şairin ən gözəl şeirləri yer almışdır. Sülh carçısı kimi Nobel
sülh mükafatı üçün namizədliyinin irəli sürüləcəyi gözlənilsə də , hələ də açıqlanmayan
səbəblərdən bu gözlənti havada qalmışdır.
Krys Li. Seulda doğulan xanım yazıçı Kaliforniya və Vaşinqtonda həyat sürmüş, ABŞ və
İngiltərədə təhsil almışdır. Hal-hazırda da San Fransisko və Seulda müəyyən aralıqlarla
yaşayan Krys Li “Üzən ev”(Drifting House) hekayələr toplusu ilə Qərbdə məşhurluq
qazanmışdır. Ölkəsində də xüsusi diqqət mərkəzində olan yazıçının “Mən necə Şimali
Koreyalı oldum?”(How I became a North Korean) əsəri çox məşhurlaşmışdır. “Üzən ev”
hekayələr toplusu “oxunmalı olan 10 koreyalı yazıçının əsəri” siyahısına düşmüşdür. Krys Li
“Pulitzer”, “Heminquey” kimi dünyasəviyyəli mükafatlara layiq görülmüşdür. Bundan əlavə
olaraq “Cəngəllik”, “Zəncirlənmiş qız” kimi əsərləri də tutduğu yerlərinə görə Krys Lini
müasirlərindən fərqləndirir.
Şin Kyon Suk. 2012-ci ildə “Ən yaxşı Asiya ədəbiyyatı” mükafatını qazanan ilk qadın
yazıçının “Xahiş edirəm, ananın qeydinə qal”(Please look after Mom) əsəri təkcə Koreyada 10

milyon nüsxə ilə satılmışdır. Seul metrosunda yoxa çıxan qoca bir qadının övladları polis
tərəfindən sorğuya çəkilir. Anaları haqqında verilən suallara çətinliklə cavab verən övladları,
onu bu qədər müddət ərzində tanıya bilmədiklərini başa düşürlər. Şin Kyon Suk CNN-ə
verdiyi müsahibəsində 30 ildir ki, bu kitabı yazmaq fikrinin olduğunu bildirmişdir. “Bu
mənim çox vaxtımı aldı, çünki “ana” haqqında olan fikirlərim hər dəfə dəyişirdi.” Ana və
övladlar arasında münasibətlərin şəffaf reallıqla təsvir edildiyi bu əsər Asiya ədəbiyyatının ən
gözəl nümunələrindən sayılır.

Gülər Nursu

Gülər Nursu

Gülər Nursu 굴레르 누루스
(dondurulmuş hesab)
"Hansamo" jurnalında yazar və redaktor.
"hansamo.az" saytında yazar.

Əlaqə:
guler.nursu@hansamo.az
999guler@gmail.com
FB/IG/youtube@gulernursu / Guler Nursu
Gülər Nursu

Latest posts by Gülər Nursu (see all)